Kiçik banklar niyə bağlanır? | TƏHLİL

   Kiçik banklar niyə bağlanır?    | TƏHLİL
  14 Noyabr 2023    Oxunub:2126
Cari ilin mayında Azərbaycan Mərkəzi Bankın (AMB) “Günay Bank” ASC-nin lisenziyasının ləğv edilməsi və bankın müflisləşmə yolu ilə bağlanması haqda qərarından sonra yazmışdım ki, banklarımızın maliyyə vəziyyəti qənaətbəxş olsa da, kredit faizlərinin əlverişsizliyi ucbatından kreditləşmə lazımi səviyyədə deyil. Bunda işgüzar fəallığın zəif olması da rol oynayır.
Ölkədəki bankların hər birinin istənilən an bağlanma və yaxud lisenziyasının əlindən alınma təhlükəsinin olduğunu dəfələrlə qeyd etmişəm. Məsələn, sabah elə bir bankın lisenziyası əlindən alına bilər ki, buna daha çox təəccüblənə bilərik. “Muğan Bank” ASC-nin lisenziyasının ləğv edilməsi, bankın müflisləşmə yolu ilə bağlanması haqqında məhkəməyə müraciət olunması barədə qərarının səbəblərinə dair açıqlanan məlumat da eynilə "Günay Bank"la əlaqədar olduğu kimidir: Məcmu kapital miqdarı banklar üçün müəyyən edilmiş minimal miqdardan azdır, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən aşağıdır...

“Muğan Bank” cari ildə ikinci bankdır ki, lisenziyası eyni səbəbərlə ləğv edilərək, bağlanır. Ondan sonra ölkədə hazırda 23 bank fəaliyyət göstərir. "Günay Bank", “Muğan Bank” kimi bankların lisenziyalarının AMB tərəfindən ləğvi həm də bununla izah olunur ki, onların ölkənin bank sektoruda əhəmiyyəti sıfıra bərabərdir. Yəni ümumən bank sektorunun inkişafı baxımından bunlardan yaxa qutarmaq vacib sayılır. Lakin nəzərə almalıyıq ki, hər bir Bank həm də iş yerləri deməkdir. Və əslində, zəif bank bazarın özü tərəfindən sıradan çıxarılmalıdır. Lisenziyanın ləğvi - cəzalandırma, bankın "edam olunması" deməkdir. Bəs bu zaman, hətta 1 nəfər vətəndaşın da həmin bankda əmanəti varsa, onun günahı nədir?! Bu addım avtomatik olaraq vətəndaşların banklara inamını azaltmırmı?

Bəli, lisenziyası ləğv edilən bankların fəaliyyəti olduqca dar çərçivədə idi və banka yerləşdirilən əmanətlərlə bağlı heç bir təhlükə mövcüd deyil. Əmanətlərin Sığortalanması Fondunun müəyyən etdiyi qaydaya əsasən “Muğan Bank”a yerləşdirilmiş əmanətlər sahiblərinə qaytarılacaq. Bugünədək bağlanan bankların heç birində əhalinin göstərilən tələblər çərçivəsində yerləşdirdikləri əmanətlər batmayıb və bata da bilməz. Ancaq, məsələ bunda deyil axı... Söhbət bank sektorundan, onu sağlamlaşdırmaq yolundan gedir. Sektorda “Muğan Bank” kimi banklar az deyil. Onların hamısını bağlamaq düzgün çıxış yoludurmu?! Xeyr.

Fikrimcə, belə bankların vəziyyəti daha ətraflı təhlil edilməli və mümkün çərçivədə onlara müvafiq dəstək göstərilməlidir. Çünki bu cür bankların maliyyə yardımlarına ehtiyacı var. Düzdür, bunun effekt verib-verməcəyi hesablanmalıdır. Lisenziyanın ləğvi ən asan və sonuncu çıxış yoludur. Sözügedən tipli banklar birləşə də bilər.

Yeri gəlmişkən, nəyə görə ölkəmizin bank sektorunda birləşmə hallarına və meyillərinə rast gəlinmir?!
AMB tərəfindən sektor üçün əhəmiyyətsiz sayılan, hətta bəzən təhlükəli hesab edilən banklar üzrə nədən birləşməyə siyasəti aparılmır?!
Cavab aydındır. Belə görünür, bunun səbəbi ölkədə sərbəst, yəni heç bir dairəni, qrupu, müvafiq biznes fəaliyyəti və maraqlarını, nüfuz dairəsini və sairəni təmsil etməyən bankların olmamasıdır.

Banklarımızın maliyyə vəziyyəti qənaətbəxş olsa da, kredit faizləri əlverişsizdir və ona görə də kreditləşmə lazımi səviyyədə deyil. İş bundadır ki, banklarda sərbəst vəsaitlərin çox hissəsini əmanətlər təşkil edir, AMB-nin resursları azdır. Əmanətlərin həcmisə azalmağa meyl göstərir. Bahalaşma nəticəsində gəlirlərin əvvəlkitək sərbəst vəsaitlərin formalaşmasına zəmin və şərait yaratmaması, həmçinin banklar tərəfindən depozitlər üzrə təklif olunan gəlirlilik səviyyəsi, bankların özlərinə inam məsələsi, mövsümi amillər və s. bunda mühüm rol oynayır.
Əmanət yerləşdirilməsi də cəlbediciliyini itirib. Vətəndaşlar bunda stimul görmürlər. Banklar isə bu sahədə heç bir yenilik tətbiq etmir və hansısa niyyət də nümayiş etdirmirlər.

Bütün bu məsələlər həllini tapmalıdır. Banklar sərbəstliyə öyrənməli, sektorda rəqabət olmalı, təmərküzləşməyə yol verilməməlidir.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Bank  





Xəbər lenti